date saat

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin aparatında çalışan əməkdaşların iştirakı ilə “Dövlətçilik tariximizdə parlaq səhifə açan dahi şəxsiyyət-Heydər Əliyev” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi ədliyyə polkovnik-leytenantı Əli Rəhimov bildirb ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı” təsdiq edilmiş Tədbirlər Planının icrası Penitensiar Xidmətdə təmin edilir. O, bu istiqamətdə görülən işlərlə bağlı ətraflı məlumat verib.

Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Ulu Öndər Heydər Əliyevin hüquq siyasəti” barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizin hüquq sisteminin əsası olan milli Konstitusiyamız Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və müstəqillik tariximizin ən mühüm hadisəsindən birinə çevrilmişdir. Ayaz Məhərrəmov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətləri, onun dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat verən, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində gördüyü işlər, apardığı islahatlar haqqında məlumat verib.

Xidmətin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə kapitanı Nizami Nəcəfov “Dövlətçilik tariximizdə parlaq səhifə açan dahi şəxsiyyət-Heydər Əliyev” mövzusunda çıxış edib. Qeyd olunub ki, ulu öndərin hakimiyyətdə olduğu dövrdə ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, eləcə də humanizm siyasətinin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Humanizm prinsiplərinə xidmət edən xeyirxah tədbirlərin keçirilməsi, məhkum olunmuş şəxslərin əfv olunması və ya barələrində amnistiya tətbiq olunması, onlara həyatlarını yenidən qurmaları üçün şans verilməsi ənənəyə çevrilib. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən humanizm siyasəti çərçivəsində həyata keçirilən çoxsaylı tədbirlər və bu siyasət dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.

 

    Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti