date saat

Fevralın 24-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Babək rayonunun Kərimbəyli Kənd Mərkəzində “Ailədaxili münaqişələr və onun qanunvericilikdə həll yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə təşkilatçı orqanların əməkdaşları ilə yanaşı Babək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Mediasiya Təşkilatının əməkdaşları, eyni zamanda kənd sakinləri də iştirak ediblər.

Babək Rayon İcra hakimiyyətinin əməkdaşı Şəfa Babayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Elton Həziyev, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Reyhan Sadiqova və Babək Rayon Qeydiyyat Şöbəsinin rəisi Gülü Qarayeva çıxış ediblər.

Çıxışlarda “Ailə institutunun formalaşmasında tərəflərin rolu”, “Qanunvericilikdə ailə faktoru”, “Ailə mübahisələrində mediasiya institunun əhəmiyyəti və nikahın davam etdirilməsi şərtləri” və “Ailə münaqişələrinin növləri” mövzularına toxunulub.

Vurğulanıb ki,  sağlam təməllər üzərində qurulmuş ailənin əsas şərtləri ilk öncə ailəni quran şəxslərin şəxsiyyəti, onların dünyagörüşü, intellektual səviyyəsi, sağlamlığı, fiziki və psixoloji inkişaf səviyyəsi, bioloji və digər sosial faktorlardan asılır. Bu baxımdan fərdlərin nikaha daxil olma yaşının müəyyənləşdirilməsi vacib amillərdəndir. Respublikamızda ailə münasibətlərinin hüquqi tənzimlənməsini həyata keçirən, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən əsas sənədlərdən biri olan Ailə Məcəlləsində nikah yaşı qızlar və oğlanlar üçün 18 yaş nəzərdə tutulmuşdur.

Qeyd olunub ki, ailədaxili münaqişələr tərəflərin, xüsusilə də azyaşlı uşaqların psixologiyasına mənfi təsir edir, nəticədə isə cəmiyyət sarsıntılı fərdlərin inteqrasiyasına məruz qalır. Son dövrlərdə ölkəmizdə formalaşan mediyasiya institutunun ailə daxilində yaranmış münaqişələrin həll edilməsində müsbət təsir etməsi faktları barədə də ətraflı məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti