date saat

Mayın 29-da Ordubad rayonunda Ədliyyə Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda inzibati ərazi dairəsi üzrə nümayəndələrinin iştirakı ilə seminar keçirilmişdir. Seminarda nazirliyin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov qeyd etdi ki, qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı aktları vasitəsilə rəsmiləşdirilir.

Vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan digər mühüm qüvvə sosial proseslərdə vacib rol oynayır.Bildirildi ki, qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə əməl olunması, əhaliyə bu sahədə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsinin təmin edilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir.Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə dövlət rüsumu ödənilməli, ödəndikdən sonra qeydiyyat şöbəsinin rəisi və əməliyyatları aparan inzibati ərazi dairəsi üzrə nümayəndə müvafiq əməliyyatı rəsmiləşdirməli və qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı qeydiyyat məlumatlarının müvafiq elektron sistemə  ötürülməsinin operativliyini təmin etmək üçün doğum, nikah və ölüm haqqında məlumatlar vaxtında qeydiyyat şöbəsinə təqdim olunmalıdır.

Seminarda Ordubad Rayon Qeydiyyat Şöbəsinin rəisi Səriyyə Hüseynova “Doğum, ölüm və nikahın qeydiyyatı qaydaları haqqında” və Ordubad Rayon İcra Hakimiyyəti başçısının Aşağı Əndəmic kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hikmət Nəsirov “İcra nümayəndəliyində qeydiyyat işinin təşkili” mövzusunda çıxış etmişlər.

Sonda mövzu ətrafında tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti