date saat
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı ilə bağlı Ədliyyə Nazirliyinin üzərinə düşən vəzifələrə uyğun olaraq 30-31 oktyabr tarixlərində Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakultəsinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi ixtisasının ikinci kurs tələbələri nazirliyin Penitensiar Xidmətində, Məhkəmə Ekspertizası Mərkəzində, İcra və probasiya şöbəsində, Bələdiyyələrlə iş mərkəzində, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində, Əliabad bələdiyyəsində olmuşlar. İki günlük təcrübə müddətində tələbələr bu qurumların iş fəaliyyəti ilə tanış olmuş, gündəlik iş prosesində iştirak etmiş, maraqlandıqları sahələr barədə ətraflı məlumat almışlar.
Hüquqşünaslıq ixtisası üzrə tələbələr Penitensiar Xidmətdə olarkən xidmətin əsas fəaliyyət istiqamətləri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, xidmətin vəzifələri müəyyən müddətdə azadlıqdan məhrum etmə cəzasını icra etmək, məhkumların islah işini, onların mühafizə və müşayətini, həbs edilmiş şəxslərin saxlanılması, məhkumların reabilitasiyası və sosial adaptasiyasına köməklik göstərmək, habelə hüquqi maarifləndirmə göstərməkdən ibarətdir.Cəzaçəkmə müəssisəsinin rejim növləri barədə tələbələrə ətraflı məlumat verilmişdir.
Məhkəmə Ekspertizası Mərkəzində tələbələr praktiki olaraq ballistik ekspertizaların keçirilməsini müşahidə etmiş, xətşünaslıq üzrə aparılan ekspertiza və saxta sənədlərin və pul nişanlarının aşkar edilməsi ilə tanış olmuşlar. Daktiloskopiya sahəsində ekspert kimyəvi tozlarla laboratoriya şəraitində müxtəlif əşyalar üzərindən izlərin aşkarlanaraq götürülməsinə dair müxtəlif təcrübəvi işlər aparılması və yeni təcrübəvi metodlarla bağlı məlumat vermişdir. Fiziki-kimyəvi laboratoriyada narkotik vasitələrin tədqiqatların aparılması və onların tədqiqi üçün nəzərdə tutulan avadanlıqla tanış olmuşlar. Tələbələr digər ekspertiza fəaliyyətləri barədə də ətraflı məlumatlandırılmışlar.
Tələbələr nazirliyin İcra və probasiya şöbəsində probasiya sahəsi üzrə müasir elektron izlənmə nəzarət sistemi ilə tanış olmuşlar. Elektron nəzarət sisteminin istifadə qaydaları izah edilmiş, hazırda məhkumlar üzərində tətbiq olunan elektron nəzarət vasitəsi ilə tanış edilmişlər. Sonra Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin iş prinsipləri ilə tanış olmuş, iş prosesində iştirak etmişlər. İcra işlərinin qeydiyyatının aparılması, həyata keçirilən məcburi icra tədbirləri barədə tələbələrə geniş məlumat verilmişdir. Yeni istifadəyə verilən elektron-icra sisteminin xüsusiyyətləri barədə qeyd edilmişdir.
Dövlət və bələdiyyə idarəetməsinin tələbələri nazirliyin Bələdiyyələrlə iş mərkəzində olarkən onlara mərkəzin fəaliyyət istiqamətləri barədə geniş məlumat verilmiş və qeyd olunmuşdur ki, mərkəzdə bələdiyyə fəaliyyətinə inzibati nəzarət qaydasında daxil olan bələdiyyə aktlarının qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılır. Bələdiyyələrə metodiki köməkliklər göstərilir, onlar bələdiyyə qanunvericiliyinə aid hüquqi ədəbiyyatlarla təmin edilirlər. Tələbələr bələdiyyələrdən daxil olmuş aktlarla və mərkəzin arxivi ilə tanış olmuş, bələdiyyə aktlarının araşdırılması işində iştirak etmişlər.
Əliabad bələdiyyəsində olarkən tələbələr gündəlik iş prosesi ilə, eləcə də daxil olan sənədlərin qeydiyyatı, işlənmə qaydası, rəsmiləşdirilməsi və göndərilməsi qaydaları ilə tanış olmuşlar. Vətəndaşlardan daxil olmuş müraciətlərin araşdırılması, bələdiyyə vergilərinin rəsmiləşdirilməsi sənədləri ilə işləmə qaydasını öyrənmişlər. Hər iki ixtisas üzrə tələbələr nazirliyin kitabxanası ilə tanış olmuşlar.
İki günlük təcrübənin sonunda nazirlikdə tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirinin müavini ədliyyə müşaviri Emin Səfərov çıxış etmişdir. Qeyd edilmişdir ki, Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakultəsinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi ixtisaslarında təhsil alan tələbələr nazirliyin himayəsinə verilmişdir. Bu istiqamətdə ötən müddətdə nazirlik tərəfindən görülmüş işlər barədə ətraflı məlumat vermişdir.
Sonra nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi ədliyyə müşaviri, ekspert qrupunun rəhbəri Səttar Zamanov “İdeyadan başlanğıca” layihəsi üzrə nazirlikdə yaradılan “İnnovativ layihələrin təşviqi mərkəzi” və ədliyyə orqanlarında “Ədliyyə könüllüləri” proqramı məqsədilə tələbələrlə birgə həyata keçirilən istiqamətverici layihələr barədə, eləcə də təqdimatı keçirilən “startup.nakhchivan.az” internet portalı haqqında ətraflı məlumat vermişdir.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılmış və qeyd edilmişdir ki, bu cür tədbirlərin keçirilməsi gələcəkdə tələbələrin ədliyyə sahəsi üzrə nəzəri biliklərinin praktiki şəkildə mənimsənilməsində müsbət təsirini göstərəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti