date saat
Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi nazirliyin Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı təsdiq etdiyi tədbirlər planına müvafiq olaraq Ümummilli Lider Heydər Əliyevin adını daşıyan muzeyi ziyarət edib. Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Muzey ilə tanışlıq zamanı muzeyin yaradılması və eksponatları barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, 10 may 1999-cu ildə fəaliyyətə başlayan Heydər Əliyev Muzeyi Ümummilli Liderimizin sağlığında onun şərəfinə Azərbaycan Respublikasında yaradılmış ilk muzeydir. Muzeyin fondunda görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 5 mindən çox eksponat sərgilənir.
Vurğulanıb ki, muzeydə Ümummilli Lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, istifadə etdiyi xatirə əşyaları, xüsusilə Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, həyata keçirdiyi tədbirlər, sənədlər, məktub və teleqramlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı tarixi müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri, Ulu Öndərin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər nümayiş etdirilir.
Nazirliyin kollektivi muzeyin ekspozisiyası ilə yaxından tanış olub, Ulu Öndərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti