date saat
Aprelin 14-də Culfa rayon Əbrəqunus Kənd Mərkəzində Culfa rayon sakinlərinin iştirakı ilə “Ailə mübahisələrinin hüquqi tənzimlənməsi” mövzusuna həsr olunan maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elçin Məmmədəliyev iştirakçılara mövzunun mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.
Əvvəlcə “Ailə institutlarının formalaşmasında tərəflərin rolu” barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eltun Həziyev çıxış edib. Ökəmizdə ailə institutlarının milli düşüncə tərzi üzərində qurulmasından ətraflı bəhs edərək, qanunvericilikdə ailədə tərəflərin rolunu müəyyən edən əsas müddəaları diqqətə çatdırıb.
Sonra Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Həbibə Əliyeva “Qanunvericilikdə ailə faktoru”ndan bəhs edərək, bildirib ki, respublikamızda ailə dövlət tərəfindən qorunur və himayə edilir. Qanunlarımız ailənin cəmiyyətdəki layiqli mövqeyinə təminat yaradır. Dövlətin bu sahədəki siyasətini özündə ehtiva edən Ailə Məcəlləsində isə Azərbaycan Respublikası Konstitusiyasında ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edilmişdir.
“Ailə mübahisələrində mediasiya institunun əhəmiyyəti və nikahın davam etdirilməsi şərtləri”ndən Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov danışıb. Ailə münaqişələrinin həllində mediasiya prosesindən, bu prosesin məhkəmə prosesindən fərqli tərəfləri və üstün xüsusiyyətləri barədə məlumat verib, ər-arvad münasibətlərinin tənzimlənməsi və kompromis yaratmağın yolları, şərtləri və nəticələrindən bəhs edib. Qeyd olunub ki, mediasiyaya müraciət edilmiş ailə münaqişələrinin əksəriyyəti sülh (barışıq) müqaviləsinin bağlanması ilə nəticələnir.
“Ailə münaqişələrinin psixoloji tərəfləri” barədə Məhkəmə Ekspetiza Mərkəzinin Psixoloji-ekspertiza bölməsinin eksperti Seyran Məmmədova məlumat verib. Qeyd olunub ki, vacib məsələlərdən biri də evlilikdən əvvəl gələcək ailə münasibətlərinin planlaşdırılması, bütün həssas məqamların incəliklərə qədər dəqiqləşdirilməsidir. Ər və arvad ailədə münasibətlər qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Sonda sakinləri maraqlandıran suallar cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti