date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı” təsdiq etdiyi tədbirlər planının icrası istiqamətində silsilə tədbirlər davam etdirilir.
Martın 28-də nazirliyin əməkdaşlarının iştirakı ilə Heydər Əliyev Muzeyində doğum haqqında şəhadətnamələrin valideynlərə xüsusi açıqcalarda təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə nazirliyin əməkdaşı Zülfü İsmayılov qeyd edib ki, bu il Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü xalqımız tərəfindən böyük hörmət və ehtiramla qeyd edilir. Bu gün də hər birimiz Heydər Əliyevin vətən və millət qarşısında misilsiz xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq. Zülfü İsmayılov “Heydər Əliyev İli”ndə dünyaya gələn körpələrin valideynlərini belə əhəmiyyətli tarixdə valideyn olmaları münasibətilə təbrik edib.
Sonra nazirliyin əməkdaşı Həbibə Əliyeva və Naxçıvan Şəhər Nikah Evinin müdiri İsayə Gülməmmədova çıxış ediblər. Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin uşaqlara xüsusi qayğı ilə yanaşmasından, uşaq siyasətindən və uşaq hüquqlarının milli qanunvericiliyimizdə təsbit olunmasındakı rolundan bəhs ediblər. Qeyd olunub ki, milli qanunvericilkdə uşaqların hərtərəfli inkişafına yönələn, bu istiqamətdə valideynlər üzərinə düşən hüquq vəvəzifələr, pozulmuş hüquq və vəzifələrə görə valideynlər üçün məsuliyyət nəzərdə tutulmuşdur. Valideynlər hərşeyi dövlətdən gözləməməli, üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Cəmiyyətin və dövlətin gələcəyi olan uşaqların hüquq və mənafelərinin qorunması hər zaman ön planda olmalıdır.
Çıxışlardan sonra valideynlərə xüsusi açıqcalarda doğum haqqında şəhadətnamələr və gül buketləri təqdim edilib. Valideynlər yaradılan şərait üçün dövlətimizə minnətdarlıqlarını ifadə ediblər.
Valideynlər muzeydə Ulu Öndərin mənalı ömür yolu və ictimai, siyasi fəaliyyətindən bəhs edən maraqlı eksponatlarla tanış olublar.
Sonda xatirə şəkli çəkdirilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti