date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Naziriyinin təşkilatçılığı ilə muxtar respublikanın birinci instansiya məhkəmələrinin əməkdaşlarının iştirakı ilə onlayn seminar keçirilmişdir. Seminarı nazirliyin Təşkilat –nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri Səttar Zamanov açaraq qeyd etmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada hər yarım ildə bir dəfədən az olmayaraq məhkəmələr tərəfindən statistik hesabatlar tərtib edilir. Mövcud sahədə olan yenilikləri və bilikləri təkmilləşdirmək məqsədilə hər hesabat dövrünün sonunda nazirlik tərəfindən bu sahədə seminarlar təşkil olunur. Məhkəmə statistikası hesabat dövrü ərzində məhkəmələrin icraatında olan işlərin ümumiləşdirilməsinin aparılması, təhlil edilməsi və onların təsnifatının müəyyənləşdirilməsi nəzərdə tutulur.
İyunun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının yerli ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilib.
Müsabiqəyə yerli icra və probasiya qurumlarından 8 yer, Ordubad və Sədərək rayon dövlət notariat ofislərinin hər birindən 1 yer olmaqla, ümumilikdə 10 vəzifə çıxarılmışdır. Müsabiqədə 10 vakant vəzifənin tutulması üçün sənəd təqdim etmiş 18 namizəddən 10-nu test imtahanında iştirak etmiş, namizədlərdən 5-i müvafiq keçid balını toplamışdır.
İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla ümumilikdə 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün 3 saat vaxt verilmişdir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən xüsusi və dövlət notariuslarının iştirakı ilə onlayn seminar keçirilmişdir. Seminarı giriş sözü ilə Məhkəmə Ekspertizası Mərkəzinin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov açaraq mərkəzdə aparılan ekspertiza işləri barədə məlumat vermişdir. Tədbirdə notariusun və ya notariat hərəkətləri aparmaq səlahiyyəti olan orqanların və vəzifəli şəxslərin müraciəti əsasında təyin oluna biləcək ekspertizalar və sənədlərin rekvizitlərinin ekspertizası haqqında çıxışlar olmuşdur.
Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Emin Əliyev məhkəmə-xətşünaslıq ekspertizasının iş prinsipi, predmeti, təbii və texniki elmlərlə əlaqəsi və tədqiqat obyektləri haqqında məlumat vermişdir. Bildirmişdir ki, notariusun və ya notariat hərəkətləri aparmaq səlahiyyəti olan orqanların və ya vəzifəli şəxslərin müraciəti əsasında təyin oluna biləcək ekspertizaların predmeti və tədqiqat obyektləri, təqdim olunmuş sənədlərin tərtibatında, əlyazma mətnlərin və imzaların icra olunmasında şübhə yaradan məsələlərin aradan qaldırılması məqsədi ilə ekspertiza təyin etmək hüququndan istifadə edərək əldə edilən rəy və arayışlar vasitəsi ilə şübhə yaradan məsələlərə aydınlıq gətirmək mümkündür.
İyunun 18-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən könüllülərlə onlayn görüş keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev açaraq bildirib ki, könüllülərin çalışdıqları sahələrin sayı artdıqca bu fəaliyyətin hüquqi tənzimlənməsi məsələsi daha da aktuallaşır. Bu gün könüllü qismində müxtəlif qurumlarda, təşkilatlarda, tədbirlərdə çalışanların sayı durmadan artmaqdadır. Könüllü fəaliyyəti ilə məşğul olmaq niyyətində olan istənilən şəxsin öz hüquqi statusunu, yəni hüquq və öhdəliklərini bilməsi onu gələcəkdə yarana biləcək problemlərdən qorumuş olur.
Tədbirdə Gənclər Fondunun və İnsan Hüquqları üzrə Müvəkkili(Ombusman) aparatının əməkdaşları könüllülük mövzusunda çıxış etmişlər.