date saat
Ölkəmizin nail olduğu ən mühüm demokratik dəyərlərdən biri yerli özünüidarəetmə institutunun formalaşmasıdır. Yerli özünüidarə orqanları demokratik quruluşun əsaslarından birini təşkil etməklə dövlətin idarə olunmasında vətəndaşların iştirakını təmin edən çox mühüm vasitədir. Bələdiyyə qanunvericiliyinə əsasən muxtar respublikada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili və onlara metodiki köməkliyin göstərilməsi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik əsas fəaliyyət istiqamətlərindən olan bələdiyyələrə metodik köməklik göstərilməsi sahəsində işini davam etdirmiş, inzibati nəzarətin həyata keçirilməsini diqqətdə saxlamış, bələdiyyə fəaliyyətinin səmərəli həyata keçirilməsinə, onlar tərəfindən qanunvericiliyə əməl edilməsinə nəzarət edilmişdir.
Ötən dövrdə muxtar respublikamızda yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, yerli əhəmiyyətli məsələlərin həlli ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əlverişli şərait yaratmışdır. Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi, qəbul edilmiş qanunvericilik aktlarının mahiyyətinin öyrənilməsi və düzgün tətbiq edilməsi, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması məqsədi ilə nazirlik tərəfindən muxtar respublikanın şəhər və rayonlarında mütəmadi olaraq seminarların keçirilməsi təşkil olunmuşdur.
İyunun 30-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili və onlara metodiki köməklik göstərilməsi sahəsində görülən işlərə dair xidməti müşavirə keçirilmişdir. Müşavirədə bu sahə üzrə nazirliyin əməkdaşlarından ibarət yaradılmış komissiyanın üzvlərinin iştirakı ilə may-iyun ayları ərzində görülən işlər təhlil edilmişdir.
Müşavirəni giriş sözü ilə Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirmişdir ki, 24 fevral 2020-ci il tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında nazirliyin qarşısına qoyulan mühüm vəzifələrdən biri də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin düzgün təşkil olunmasıdır. Qeyd olunub ki, 2020-ci ilin may ayından başlayaraq nazirliyin əməkdaşlarından ibarət yaradılmış komissiya üzvləri muxtar respublikanın bütün şəhər və rayonlarında fəaliyyət göstərən bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış keçirmişdir. Bələdiyyələrdə çatışmayan jurnal və qovluqlar təmin edilmiş, işlənilmə qaydaları izah olunmuşdur. Keçirilən görüşlərdə yeni formalaşan bələdiyyə sədrlərinə və üzvlərinə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması yolları göstərilmiş və onların təkrar edilməməsi tövsiyə edilmişdir.
Nazirlik tərəfindən məhkəmə qərarlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə tam icrası nəzarətdə saxlanılır. Nazirliyin 2020-ci ilə dair iş planının icrası ilə əlaqədar olaraq yerli icra və probasiya qurumlarına köməklik göstərilməsi və icradan yayınma hallarının qarşısının alınması məqsədilə borclularla profilaktiki söhbətlərin aparılması işi davam etdirilir.
Aparlan profilkatiki tədbirlərin davamı olaraq iyunun 29-da nazirliyin əməkdaşları Culfa rayon İcra və probasiya bölməsində olmuşlar. Əməkdaşlar tərəfindən bölmənin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktiki söhbətlər aparılmış, onlara icra sənədi üzrə tələblərin vaxtında yerinə yetirilməməsinə görə hansı məsuliyyətə cəlb oluna biləcəkləri barədə qanunvericiliyin tələbləri izah edilmişdir.
Ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən biri olan məhkəmə ekspertizası işinin təşkili nazirliyin diqqətində saxlanılır. Ekspertiza sahəsi cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində hüquq-mühafizə orqanlarına yaxından kömək edir. Ekspertizaların tam, dolğun şəkildə tədqiqi üçün savadlı və gənc ekspertlərin olması vacib amillərdən biridir. Muxtar respublika rəhbərliyi tərəfindən ədliyyə sisteminin inkişafına göstərilən diqqət və qayğı ekspertiza sahəsini də əhatə etmişdir. Görülən tədbirlər çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyəti təkmilləşdirilib, maddi-texniki bazası daha da möhkəmləndirilib, kadr potensialı yüksəldilmişdir.