date saat
Azərbaycan Respublikasının Konstitusiyasına görə, ailə dövlətin xüsusi himayəsindədir. Ölkənin ana sənədində xüsusi qeyd edilir ki, uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Valideyn qayğısından məhrum olan uşaqlar isə dövlətin himayəsindədir. Valideynlər istər birgə nikah, istərsə də nikah bitəndən sonra uşaqları himayə etməyə, onların maddi və mənəvi ehtiyaclarını qarşılamağa borcludurlar.
Aliment öhdəliklərinin əsasını ailə münasibətləri təşkil edir. Aliment öhdəliyi məzmun etibarı ilə aliment ödəyicisinin onu ödəmək vəzifəsindən, aliment alanın isə onu tələb etmək hüququndan ibarətdir. Ailə münasibətlərindən kənar hər hansı bir ödənişlər, kiməsə müəyyən vəsait köçürmələri, onun saxlanmasını təmin etmək məqsədi güdən pul ödənişləri aliment sayılmır. Ailə üzvlərinin saxlanılması geniş və əhatəli anlayışdır. Bu da valideynlərin ən başlıca vəzifəsinin meyarıdır. Bu vəzifəni yerinə yetirməkdən imtina edən valideynlər aliment ödəyirlər. Aliment öhdəliklərinin məqsədi ehtiyacı olan əmək qabiliyyətini itirmiş ailə üzvlərinin saxlanılmasıdır. Aliment, latınca “alimentum” sözündən götürülüb, yemək, qida mənasını verir. Aliment öhdəliyi qəti surətdə şəxsi səciyyəyə malik vəzifədir. Yəni aliment öhdəliyi olan şəxs, bu vəzifəni şəxsən icra etməli, bu öhdəliyin icrasını başqa şəxsə həvalə etməməlidir.
Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsində qanunvericiliyin tələblərinin qorunmasına nəzarət edilir. Bu məqsədlə muxtar respublikada fəaliyyət göstərən bələdiyyələrin ərazilərində monitorinqlər keçirilir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət işçi qrupu növbəti monitorinqi Naxçıvan şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrində aparmışlar. Monitorinq zamanı işçi qrupun üzvləri bələdiyyə sədrləri və üzvləri ilə görüşərək icarəyə veriləcək bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə baxış keçirmişlər. Onlarla keçirilən görüşdə qeyd olunmuşdur ki, muxtar respublikamızda aqrar sahədə aparılan genişmiqyaslı islahatlar kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə geniş imkanlar yaratmış, torpaqdan istifadə ilə bağlı təlabat artmışdır.
Ailə mədəniyyəti, ailə dəyərləri bu gün dünyadakı xalqların sayı qədər rəngarəng, müxtəlif və özünəməxsusdur. Hər bir xalq, etnos özünün tarixən formalaşmış mental dəyərləri əsasında ailə modeli yaradır. Fəxrlə deyə bilərik ki, qədim Şərq və müasir Qərb mədəniyyətinin ən üstün cəhətlərini özünün zəngin adət-ənənələri ilə sintez edən ölkəmizdə ailə institutuna böyük dəyər verilir. Milli düşüncə sistemimizdə özünə yer tapmış qənaətlərdən biri də budur ki, ailə başçısı kimi məsuliyyətini düzgün dəyərləndirməyən bir şəxs kamil insan və şəxsiyyət ola bilməz. Yalnız yüksək əxlaqi keyfiyyətlərə, xalqın minillik milli dəyərlərinə ürəkdən bağlı olan insanlar ailənin cəmiyyətdəki rolunu hər zaman düzgün qiymətləndirə bilmişlər.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında hər bir vətəndaşın nikah hüququ təsbit edilib, dövlətin ailəyə qayğı siyasətinin əsas prioritetləri müəyyənləşib. Konstitusiyamıza əsasən ailə və uşaqlar dövlətin himayəsi altındadırlar. Konstitusiyanın ailə hüquqlarının müdafiəsinə yönəlmiş əsas norması hamının qanun və məhkəmə qarşısında bərabərliyini, kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğunu bəyan edən “bərabərlik hüququ” adlanan normasıdır. Burada hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir, insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması qadağan edilir.
Dövlət müstəqilliyini əldə edən Azərbaycan Respublikası demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Ötən illər ərzində aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu yüksək səviyyədə həyata keçirilib, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb. Çünki ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi ən ümdə məsələlərdən biri olub.
Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ölkəmizdə digər sahələrdə olduğu kimi, insan hüquqları sahəsində də islahatlar həyata keçirilməyə başlanıb. Müstəqil dövlətin yeni konstitusiya layihəsinin hazırlanmasının da təşəbbüskarı məhz ulu öndər Heydər Əliyev oldu. Onun təşəbbüskarlığı və sədrliyi ilə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsinin hazırlanması üçün komissiyanın yaradılması, beynəlxalq hüquq normalarının və insan hüquqlarının əsas prinsipləri əsasında, demokratik tərzdə və xalqın rəyi nəzərə alınaraq geniş müzakirə edilməsi, 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi yolu ilə ölkənin əsas qanununun qəbulu Azərbaycan Respublikasında hüquqi dövlət ideyasının formalaşmasında mühüm təkan oldu.