date saat
Sentyabrın 25-də Ədliyyə Nazirliyinin aidiyyəti şöbə və bölmələrinin əməkdaşları icra orqanlarının fəaliyyətinə köməklik göstərilməsi və icradan yayınan borclular barədə profilaktik tədbirlərin görülməsi məqsədilə Şərur rayonunda olublar.
Görüş zamanı rayon icra və probasiya şöbəsinin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparılmış, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir.
Borcluların diqqətinə çatdırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunur.
Sentyabrın 24-də Culfa rayon Əbrəqunus kənd mərkəzində “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda seminar keçirilmişdir. İnzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən tədbiri Culfa Rayon İcra Hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mehdi Paşayev açaraq seminarın mövzusunu elan etmişdir. Seminarda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, nikah əməliyyatları, ad hüququ və adların verilməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə çıxışlar olmuşdur.
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələbləri” mövzusunda Qeydiyyat və notariat şöbəsinin Notariat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Zülfi İsmayılov çıxış etmişdir. Bildirib ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Yerli icra nümayəndəliklərinin vəzifəli şəxsləri doğumun, ölümün, nikahın qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə əməl etməli, kargüzarlıq qaydaları qorunmalıdır.