date saat
Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi nazirliyin Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı təsdiq etdiyi tədbirlər planına müvafiq olaraq Ümummilli Lider Heydər Əliyevin adını daşıyan muzeyi ziyarət edib. Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Muzey ilə tanışlıq zamanı muzeyin yaradılması və eksponatları barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, 10 may 1999-cu ildə fəaliyyətə başlayan Heydər Əliyev Muzeyi Ümummilli Liderimizin sağlığında onun şərəfinə Azərbaycan Respublikasında yaradılmış ilk muzeydir. Muzeyin fondunda görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 5 mindən çox eksponat sərgilənir.
Vətənimizin qədim torpaqlarından olan Naxçıvan şəhərində anadan olan, vətəninə, xalqına böyük xidmətlər göstərən ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində əbədi iz qoyub. Bu isə hər insana nəsib olan xoşbəxtlik deyil. Gəlin bir daha tariximizin yaddaşını vərəqləyək. Bu zaman keşməkeşli tariximizin dahilər silsiləsində Heydər Əliyev, onun ömür yolunun və fəaliyyətinin qızıl hərflərlə həkk olunduğunun şahidi oluruq.
1969-cu ildə hakimiyyətə gələn dahi liderin Azərbaycanda apardığı siyasət nəticəsində ölkəmizdə sürətli inkişaf başladı. İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın qaranlıq səmasında yenidən doğan parlaq günəşə bənzədi. Çünki bu dövrlər çox çətin və mürəkkəb illərə təsadüf edirdi. Ölkəni xaos, durğunluq, daxili çəkişmələr və hərc-mərclik bürümüşdü. Azərbaycanı bu bataqlıqdan çəkib çıxaracaq güclü və etibarlı bir ələ ehtiyac var idi. Məhz belə bir zamanda xalqımızın qeyrətli oğlu həyatını təhlükə qarşısında qoyaraq millətinə xidmət etməyi həyat amalına çevirdi. Ancaq öz millətinə, xalqına sonsuz bir məhəbbəti olan insanlar belə qətiyyətli addım atmağa qadirdirlər.
Ulu öndərin “Mən mənalı həyatımın düz altmış ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” fikri bir ömrün hesabatıdır. Heydər Əliyev əməli fəaliyyəti ilə nəinki Azərbaycan, habelə insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratdı. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyi tarixidir.
Aprelin 28-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Sədərək rayonunda “Açıq qapı” günü keçiriləcək.
Sədərək Rayon Məhkəməsinin inzibati binasında baş tutacaq “Açıq qapı” günündə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun hüquqi yardım göstəriləcəkdir.